Müsavatçının qətlində təqsirləndirilən şəxsin məhkəməsi başladı
Müsavat Partiyasının fəalını qətlə yetirməkdə şübhəli bilinən Elsevər İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsiqləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili sənədlərlə tanış olmaq üçün vaxt istəyib. Müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb.
Məhkəmə baxışı sentyabrın 19-na təyin olunub.
Qətl hadisəsi bu ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub. O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.
Onun qətlin üstü açılandan bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilib. Elsevər İsmayılov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Ona Cinayət Məcəlləsinin 120.2.4, 245, 309.2 maddələri üzrə ittiham elan olunub.