Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq problemini dərinləşdirə bilərmi
Mart ayındakı rekord səviyyədən sonra qlobal ərzaq qiymətləri apreldə cüzi azalıb. Buna baxmayaraq bir il əvvəlki göstəricilərlə müqayisədə 30 %-lik artım var. Qlobal ərzaq inflyasiyasını tətikləyən əsas səbəblər koronavirus pandemiyası, anomal hava şəraiti (quraqlıq, sel) və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədir. Sonuncu faktor bu gün birbaşa olaraq qlobal ərzaq təhlükəsilziyi üçün ciddi təhdidlər yaradır. Çünki hər iki ölkə qlobal ərzaq təminatında əhəmiyyətli pay sahibidirlər. Dünyanın taxıla olan tələbatının 1/3-nə yaxını, günəbaxan yağına – 2/3-si Rusiya və Ukraynanın hesabına təmin edilir.
Ukrayna eyni zamanda günəbaxan yağı ixracı üzrə dünya lideridir. O, həmçinin 2020/2021-ci illər mövsümündə dünya üzrə qarğıdalı ixracı üzrə dördüncü, buğda ixracı üzrə 6-cı yerdə olub. Ukrayna ənənəvi olaraq aqrar məhsullarının 90 %-ni limanlar vasitəsilə xarici bazarlara çıxarır. Müharibə başlayandan sonra Qara dəniz limanları, o cümlədən Odessa, Nikolayev və Mariupol limanları Rusiya hərbi gəmiləri tərəfindən bloklanıb. Həmin limanlarda 4,5 milyon ton taxılı çıxarmaq mümkün deyil. Ümumilikdə isə limanlara çıxışın olmamasından dolayı ölkə istehsal etdiyi 90 milyon ton aqrar məhsulu, o cümlədən 25 milyon ton taxılı ehtiyacı olan ölkələrə çatdıra bilmir. Bu, Yaxın Şərq və Şimali Afrika ölkələrində kütləvi aclıq və milyonlarla insanın tələf olması təhlükəsi yaradır. Belə ki, Ukraynanın buğda, qarğıdalı və günəbaxan yağı ixracının 40 %-i bu regiondan olan alıcıların payına düşür. Mövcud durumda Ukraynanın faktiki olaraq bircə ixrac kanalı qalıb. Söhbət Avropayla olan qərb sərhədlərindən gedir. Lakin burada ötürücülük qabiliyyəti limanlarla müqayisədə xeyli aşağıdır. Buna görə həmin məhsuların ənənəvi tədarük bazarlarına fasiləsiz çatdırılması üçün Avropa İttifaqı üzərindən tranzit dəhlizlər vasitəsilə alterativ logistika yollarının axtarışı üzərində iş aparılır. Belə ki, aqrar məhsulların ixracı zamanı ötürücülük qabiliyyətinin artırılması üçün Polşa ərazisində “quru limanı”nın yaradılması üzərində iş aparılır. Lakin dəniz daşımaları ilə müqayisədə quru daşımaları daha baha başa gələcək. Bu isə ixrac məhsulların dəyərinin artması ilə nəticələnəcək.