
Dollar kəskin ucuzlaşdı
ABŞ aktivlərindən xaricə axının sürətlənməsi ilə dollar son üç ilin minimum səviyyəsinə düşüb.
Bu barədə “Quardian” məlumat yayıb.
Bildirilib ki, ABŞ prezidentinin faiz dərəcələrinin aşağı salınması çağırışlarını gücləndirdiyi bir vaxtda Donald Trampın dünən Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauelə qarşı növbəti sərt hücumu, onu “Cənab çox gec” və “Ən böyük itirən” adlandırmasından sonra treyderlər təşvişə düşüblər.
Bu, dolların valyuta səbəti qarşısında 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə enməsinə səbəb olub.
Dollar yapon yeni qarşısında 7 ayın ən aşağı səviyyəsinə çataraq, ötən ilin sentyabrından bəri ilk dəfə 140 yen səviyyəsində satılıb.
İG bazar analitiki Toni Sikamor hesab edib ki, Trampın Pauelə hücumları bazarlarda inamsızlığa səbəb olur.
2017-ci ildə Paueli bu vəzifəyə təyin etməsinə baxmayaraq, Tramp o vaxtdan peşman olduğunu bildirib, onu pis qərarlar verdiyinə və həmişə onları çox gec və səhv etdiyinə görə tənqid edib.
Pauel isə Trampın tariflərinin daha yüksək inflyasiyaya və daha yavaş iqtisadi artıma səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
Dünən Uoll Stritdə itkilər davam edib, “Dow Jones İndustrial Average” daha 2,5% və ya təxminən 1000 bənd dəyər itirib.