Azərbaycanda bu şəxslərə 1380 manat VERİLƏCƏK - Lazım olan SƏNƏDLƏR
“Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində müavinət verilir”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənişin verilməsi Azərbaycanda tətbiq edilən birdəfəlik müavinətlərdən biridir:
“Bu müavinətin qanunla təsbiq edilməsinə baxmayaraq, monitorinqlər göstərir ki, bu ödənişlərdən istifadə edənlərin sayı çox deyil. Halbuki, bu cəza çəkmədən azad olunan vətəndaşlara müavinət almaq üçün verilmiş vacib imkandır.Ödəniş qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilən arayış təqdim edilməklə həyata keçirilir. Müavinət minimum aylıq əməkhaqqının dörd misli məbləğindədir. Yəni həmin şəxslərə 1380 manat ödənilir”.
Millət vəkili qeyd edib ki, müraciət kifayət qədər sadədir:
“Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmilləşdirmək mümkündür.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir”.
V.Bayramovun sözlərinə görə, sözügedən hüququ olan, amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır:
“Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni vətəndaşımız cəza çəkmədən son 3 ildə azad edilib və müraciət etməyibsə, o halda indi də bu ödənişi almaq hüququna malikdir”.