Azad Media Susdurula Bilməz!
Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...
İQTİSADİYYAT

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

2024-cü ilin yanvar-mart aylarında (ilk 3 ayda) Azərbaycanın ən çox ixrac və idxal etdiyi malların siyahısı açıqlanıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın əsas ixrac məhsullarında neft-qaz sektoruna daxil olan mallar ilk yerləri tutub. İxracda qeyri-neft sektoruna daxil olan məhsullar isə o qədər də yüksək rəqəm təşkil etmir. Azərbaycanın idxal etdiyi məhsullar sırasında yeyinti məhsulları üstünlük təşkil edib ki, buraya ət, süd, kərə yağı, tərəvəz, meyvə, çay, qarğıdalı, düyü daxildir.

Nə vaxta qədər ixracda kənd təsərrüfatı məhsulları cüzi rəqəmlər təşkil edəcək və yerli istehsal olan bir çox məhsulları idxal etmək məcburiyyətində qalacağıq?

İqtisadçı-ekspert Natiq Cəfərli  açıqlamasında uzun illərdir ki, Azərbaycanda ixracatın neft-qaz üzərində qurulduğunu bildirib:

“Yəni ölkədə son 20 ili götürsək, Bakı-Tbilisi-Ceyhan boru kəməri fəaliyyətə başlayandan bəri əsasən neft-qaz sektorunu ixracı 90 faiz civarında olub. İldən-ilə 1 faiz artım, yaxud azalma olub.

Ancaq stabil olaraq 90 faiz civarındadır. Bu, onu göstərir ki, 20 il ərzində qeyri-neft sektorunda gözlənilən inkişafa nail olunmayıb. Bu, həm də ona gətirib çıxartdı ki, biz ərzaq məhsulları məsələsində təqribən 70-75 faiz arası xaricdən, müxtəlif ölkələrdən asılıyıq. Bu statistik göstəricilər də ona dəlalət edir ki, özümüzü təmin edə bilmirik”.

Ekspert deyib ki, bunun səbəbləri həddindən artıq çoxdur:

“Burada təbii səbəblər də var. Yəni su, şoran torpaq problemləri də var. İndi işğaldan azad edilmiş bölgələrin potensialından daha çox istifadə etmək imkanı yaranır ki, bununla yerli istehsalı artıra bilərik. Ancaq yəqin ki, buna zaman lazım olacaq. Bundan başqa, aqrar sektorda kreditləşmə yox səviyyəsindədir. Yəni fermerlərə uzunmüddətli, aşağı faizlə kreditlər verilmir. Onların ciddi problemləri var. Bununla bağlı ixrac bazarları məhduddur. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı daha çox, 80-85 faiz civarında Rusiya bazarınadır ki, bu da asılılıq yaradıb”.

Bundan başqa, istehsalın özünün təşkili ilə bağlı problemlər var:

“Keyfiyyətli toxum, gübrə kimi məsələlərin həlli ilə bağlı da bu gün problemlər mövcuddur. Yəni bir çox problemlər ona gətirib çıxarır ki, Azərbaycanın özünü təminat probleminin olması ilə yanaşı, həm də ərzağa görə xaricdən asılılığı yaranır. Elə ərzaq məhsulları növü var ki, orada asılılıq kifayət qədər yüksək səviyyədədir. Göründüyü kimi, bu sahəyə indiyədək ayrılmış vəsait, idarəetmə ilə bağlı yanaşmalar problemləri həll etmir. Yəni problemləri həll etmirsə, deməli, yanaşmalarda dəyişikliklər olunmalıdır. Uzun müddətdir ki, bu haqda danışılır. Məsələn, fermerlərlə bağlı yeni kredit siyasətinə, dövlət banklarının nəzdində aqrar bankçılıq şöbələrinin yaradılmasına ehtiyac var. Kifayət qədər problemlər var və onlardan birini həll edib, digərini həll etməsən, fundamental səbəblər aradan qalxmır. Ona görə də bu aqrar sahəyə yeni baxışa, yeni strategiyaya ehtiyac var”.

Bəzi məhsulların yerli istehsalla yanaşı idxalına da gəldikdə isə ekspert bunun normal olduğunu deyir:

“Biz pomidoru həm ixrac, həm də idxal edirik. Bu, mövsümlər, biznes əlaqələri kimi məsələlərlə bağlıdır. Çünki elə mövsüm olur ki, xaricdən almaq sərf edir. Elə mövsüm olur ki, daxili bazar ixraca doğru yönəlir, çünki qiymətlər bahadır.

Bu, dünyanın bir çox ölkələrində var və o demək deyil ki, bir ölkə pomidor istehsal edirsə, bütün pomidor ehtiyacını özü ödəyir. Bu normaldır. Anormal olan odur ki, Azərbaycanın istehsal potensialı həm xarici, həm daxili bazarı təmin etməyə yetərli deyil. Əsas problem kimi bu məsələnin üzərində fokuslanmalıdır”.

IRON MAX AZERBAIAN