Azərbaycanda çörəyin qiyməti 5 qəpik bahalaşdı
COVİD-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə müxtəlif proteksionist tədbirləri fonunda dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində artım davam etməkdədir.
Bakufakt.az xəbər verir ki, bu barədə iri un və çörək istehsalçılarının birgə məlumatında bildirilir. Qeyd edilib ki, əsas ərzaqlıq buğda istehsalçısı olan ölkələrdə yaranmış siyasi və hərbi münaqişələr səbəbilə dünya bazarlarında ciddi qiymət və tədarük riskləri, habelə həmin məhsulların qlobal ticarətində məhdudiyyətlər müşahidə olunur. Münaqişələrin yaratdığı qeyri-müəyyənliklər, ərzaqlıq buğdanın logistik xərclərinin kəskin şəkildə yüksəlməsi, ixracın məhdudluğu və digər istehsalçı ölkələrin tətbiq etdiyi ixrac qadağaları dünya bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə gətirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 2022-ci ilin iyul ayında 2021-ci ilin müvafiq ayı ilə müqayisədə ərzağın dünya üzrə qiymət artımı 13,1% səviyyəsində dəyərləndirilir. Təşkilatın proqnozlarına əsasən, 2022-ci ildə ümumilikdə qlobal istehsalın həcminin azalacağı gözlənilir