Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov açıqlama yayıb
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov XXXII Avropa çempionatında yığma komandamızın iştirakına dair açıqlama yayıb.
Redaksiyaməza daxil olan müraciətdə deyilir:
"Əziz dostlar, bildiyiniz kimi, iyun ayının 9-da Moldovanın paytaxtı Kişinyov şəhərində Qol güləşi üzrə XXXII Avropa çempionatı start götürəcək. Bu çempionatda ölkəmizin ləyaqətlə təmsil olunması üçün Federasiyamız tərəfindən seçim turu keçirilmiş və bu məqsədlə müxtəlif çəki dərəcələrində ən hazırlıqlı, ən güclü 12 gənc idmançı seçilmişdir. İlkin olaraq Avropa çempionatında yığma komandamızın məhz 12 nəfərdən ibarət heyətlə iştirak etməsi nəzərdə tutulmuşdu. Lakin təəssüflər olsun ki, bu dəfə də maliyyə çatışmazlığı səbəbindən planlarımızda dəyişiklik etməli olduq.
Yekun nəticədə mən öz şəxsi vəsaitim hesabına 4 nəfər idmançı üçün 5600 manat (bir biletin qiyməti 1397 manat) ödəyərək Bakı-Kişinyov-Bakı marşrutu üzrə aviabiletlər aldım. Bundan başqa 5 nəfər idmançının oteldə 4 gün qalmaları üçün 1400 manat vəsaiti yenə də öz şəxsi hesabımdan ödəyəcəyəm. Qalan digər xərcləri, o cümlədən yarışlarda iştirak haqqı, yemək pulu və transfer haqqını (aeroport-otel-aeroport) idmançılar öz hesablarına ödəməli olacaqlar. Bütün bunlara baxmayaraq, mən yenə də idmançılarımızı həvəsdən qətiyyən düşməməyə və məşqlərini davam etməyə çağırıram. Uca Allah Qurani-Kərimdə buyurur ki, mənim yanıma bütün günahlarınızla gəlsəniz də, yalnız bircə qul haqqı ilə gəlməyin.
Mən də inanıram ki, tezliklə bizim federasiyamızın da bütün haqları bərpa olunacaq. Uca Allahın köməkliyi ilə ən yaxın vaxtlarda bütün problemlər öz həllini tapacaq, növbəti dünya və Avropa çempionatlarında biz ölkəmizi daha böyük heyətlə təmsil edəcəyik, Azərbaycana daha çox medallar qazandıracağıq. Mənim hər zaman bir məqsədim, bir amalım, bir arzum olub – biz bütün idmançılarımızla bir olaq, bütöv olaq, güclü olaq! Hamınıza uğurlar diləyirəm!"
BakuFakt.az