Zərərçəkən Fidan Zeynin vəkilindən Könül Həmzəyeva ilə bağlı açıqlama
Fidan Zeyn yenidən iş xanımı Könül Həmzəyeva ilə bağlı paylaşım edib.
Bakufakt.az yazır ki, Fidan səhifəsində müraciət ünvanlayıb:
“Yoldaşı ilə görüşdük idarədə, razılığa gəldik ki, az-az ödəniləcək. Xahiş edildi ki, övladlarına xatir paylaşım olunmasın.
Mən də humanist davranıb razılaşdım. Halbuki mənə 154.000 AZN pulu 20 günə dirəyib maşınımı satdırıb almışdı, guya işə qoyulacaq. Yadınızdadır necə tələsik maşın, torpaq satırdım?
Amma 7 aydır cəmi 22 min pul ala bilmişəm. Hələ də maşınsızam, şükür bu günümüzə, amma uşaqlarım üçün, evim, anam üçün istədiyimi edə bilmirəm. Ruzi-ni böyüdə bilmirəm. Yenidən sizdən dəstək istəyib bu mövzunu şişirdəcəyəm. Çünki həmin insan abırına bürünüb oturmaqdansa hələ də orda-burda adımı çəkib yalan məlumat yayır, təhqir edir. Mənə dedilər 3 qızımız var, onlara xatir paylaşım olmasın. Bəs mənim atam ata deyil? Mən övlad deyiləm? Yandırır ki, ustaların mənim reklam etdiyim salona gəliblər? Yaxşı rəhbər olardın, yanında qalardılar.
Məni Xəzər Rayon Polis İdarəsi zərərçəkən olaraq rəsmi şəkildə tanıyıb.
Şahidlər dindirilib.
Məndən alınan illik icarənin ödənilmədiyi təsdiqlənib. Məndən alınan 46850 AZN lazer aparatının pulunun ödənilmədiyi təsdiqlənib. Şükür, alnım açıq, dilim uzun.
Qeyd edim ki, başqa borca görə həmin insanın adına cinayət işi də açılıb, hal-hazırda polis nəzarəti altında çöldədir. İstintaq gedir”.
Zərərçəkmiş Fidan Rzayevanın vəkili Orxan Zeynalov Könül Həmzəyevanın açıqlamasına münasibət bildirib.
Vəkilin sözlərinə görə, Könül Həmzəyeva hazırda ağır cinayət işi üzrə təqsirləndirilən şəxsdir:
“Könül Həmzəyeva Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq) ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona həmin maddə ilə ittiham elan edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Fidan Rzayeva da həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Hazırda zərərçəkmiş şəxs barəsində əsassız məlumatların yayılması istintaqın normal gedişinə mane olmaqla yanaşı, onun şərəf və ləyaqətini ləkələyir, həmçinin işgüzar nüfuzuna xələl gətirir.”

