İran Azərbaycana təzminat ödəməlidir - hüquqşünas
“Naxçıvan Hava limanına dron hücumu barədə İran tərəfi açıqlama verməlidir”.
Bu sözləri Bakufakt.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.
Hüquqşünas qeyd edib ki, hadisə ilə bağlı hər hansı bir rəsmi məlumata əsaslanmaq lazımdır. Ehtimallar üzərindən danışmaq vəziyyəti pisləşdirə bilər:
“İran tərəfinin öhdəliyi ilk növbədə ondan ibarətdir ki baş vermiş hadisə ilə bağlı mövqe bildirsin. Yəni İran hakimiyyəti mütləq bunun açıqlamasını və baş vermə səbəbini bildirməlidir. Əgər hadisə birbaşa İran hakimiyyəti tərəfindən yox hər hansı bir təxribatçı qrup tərəfindən törədilibsə, bu istiqamətdə araşdırma aparılmalıdır. İran açıqlamasından sonra baş vermiş hadisəyə görə birinci növbədə üzr istəməlidir.
İkinci, vurulmuş zərərin qapadılması ilə bağlı öhdəlik götürməlidir. Bu, yaralanmış zərərçəkmiş şəxslərin özlərinə və yaxın qohumlarına təzminatın ödənilməsi, həmçinin obyektlərə vurulmuş maddi ziyanın təzminat formasında ödənilməsidir”.
Ramil Süleymanov qeyd edib ki, bu, məsələnin hüquqi tərəfidir:
“Hadisənin siyasi tərəfi dövlət rəsmləri tərəfindən aparılacaq. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin müvafiq siyasi mövqe tutması mövcud vəziyyəti nəzərə almaqla həyata keçiriləcəkdir. Burada iqtisadi faktorlar, İran ərazisində milyonlarla azərbaycanlının yaşaması və digər faktlar zərə alınacaq”.
Hüquqşünas qeyd edib ki, Azərbaycan dövləti həmçinin aktiv hərbi müdafiəyə keçmək haqda qərar qəbul etmək səlahiyyətindədir.

