
Gənc qız Vilayət Eyvazova müraciət etdi: “Ailəm məni intihara məcbur edir” - VİDEO
Bakı sakini Həsənova Nəzrin Zaur qızı daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək kömək istəyib. O, nazirə müraciətində bildirib ki, ailəsi, xüsusilə də atası onun ailə həyatı qurmasına qarşıdır və buna görə ona çox böyük təzyiq edilir, ölümlə hədələnir.
Şikayətçi bildirib ki, 19 yaşı var və Tural Rüstəmov adlı şəxslə ailə həyatı qurmaq istəyirlər:
“Ancaq ailəm, xüsusilə də atam buna qarşı çıxır. Biz rəsmi nikaha daxil olmaq istəyirik, bunun üçün tibbi yoxlamadan keçmək məqsədilə lazım olan bütün prosedurlardan keçdik. Bu gün qan analizi vermək üçün getdik və atam bundan xəbər tutanda Səadət Sarayının qarşısına polis gətirdi. Ancaq polis mənim 19 yaşım olduğunu və öz qərarlarımı vermək yaşına çatdığımı bildikdə, bizə qarşı heç bir tədbir görmədi. Amma 15 gün bundan əvvəl biz Turalla evlilik qərarı verib ikinci dəfə qaçanda 5-ci polis bölməsinin rəisi mənə evə getməyi, bir neçə gün evdə düşünməyi məsləhət gördü. Bununla razılaşmayanda, atam məni məcburən, zorla qolumdan sürütləyərək bölmədən çıxartdı. Evdə isə məni qapalı saxladılar, dərman verdilər, iynə vurdular və psixiatr müayinəsinə apardılar. Psixiatra sevdiyim şəxslə evlilik düşündüyümü dedim, o isə mənə dərmanlar yazdı və bununla sakitləşəcəyimi bildirdi. Evdə isə mənə ölüm həddinə çatdırırlar, zorla iynə vurub hərəkət etməyimin qarşısını almaq istəyirlər. Bizim nə günahımız var? Biz sadəcə bir-birimizi sevirik və evlənmək istəyirik, bunun üçün heç bir maneəmiz yoxdur, bütün prosedurları qanunauyğun həyata keçiririk, aprelin 12-də nikaha daxil olacağıq. Amma məni intihar həddinə çatdırıblar”.
Şikayətçi bildirib ki, artıq 3-cü dəfədir Turalla birlikdə gedib:
“29, 5 və 22-ci polis bölmələrində ərizəm var, göstərmişəm ki, öz istəyimlə Turalla ailə qurmaq istəyirəm, analizlərimizdə də evlənməyimiz üçün heç bir maneə olmadığı bildirilib. Əgər bizi ayırsalar, evlənməyimizə mane olsalar, intihar etməkdən başqa yolum yoxdur. Atam bizi hədələyir, məni və Turalı öldürəcəyini, yaxud məni psixi xəstəxanaya yerləşdirəcəyini deyib. Bu müraciət vasitəsilə də həyatımızın təhlükə qarşısında olduğunu və bizi ayıracaqları təqdirdə intihar edəcəyimi bildirirəm”.
"Bakufakt.az"