Azad Media Susdurula Bilməz!
İlham Əliyevin çıxışındakı hərbi-siyasi hədəflər: Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq– TƏHLİL
HƏRBİ XƏBƏRLƏR

İlham Əliyevin çıxışındakı hərbi-siyasi hədəflər: Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq– TƏHLİL

Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi.

Müşavirədə Prezidentin çıxışının hərbi-siyasi aspektlərinə diqqət çəkmək istərdik.

İlham Əliyevin müşavirədəki çıxışı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə dair praqmatik təkliflər üzərində qurulmuşdu və ATƏT kimi təşkilatların bu məsələdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi barədə çağırışlardan ibarət idi.

İlham Əliyevin çıxışındakı siyasi tezisləri belə qruplaşdıra bilərik:

- Artıq ATƏT də, elə onun mandat verdiyi Minsk Qrupu da Azərbaycanın Ermənistan üzərindəki qələbədən sonra yaratdığı reallığı qəbul edib.  

- Azərbaycan-Ermənistan əlaqələrinin yaranması üçün ali səviyyədə verilən bəyanatlarda münaqişənin bitdiyi vurğulanır və “Dağlıq Qarabağ” ifadəsinə yer verilmir.

- ATƏT bundan sonra konstruktiv mövqe ilə Azərbaycan-Ermənistan münasibətinin normallaşmasına töhfə verə bilər.

- Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipini qəbul etdiyini deyib,

- Ermənistanın təcriddən çıxması və inkişafı, Azərbaycan və Türkiyə ilə əlaqələr beynəlxalq hüquq norma və prinsiplər əsasında normallaşmalıdır.

Bundan sonrakı proseslərin müsbət məcrada inkişafı həmin bu zəminlər üzərində inkişaf etməlidir, əks təqdirdə isə, Azərbaycan yenidən başqa təzyiq formullarını işə salacaq.

ATƏT-in Minsk Qrupunun de-fakto olaraq etibarsızlığı və yararsız olması onun hüquqi əsasını da sual altına qoyur, bu mənada ya həmsədrlər Azərbaycanın təklif etdiyi prinsipləri əllərində rəhbər tutaraq çəkici eyni nöqtəyə vurmalıdır, ya da özlərini bu format çərçivəsində prosesdən kənarda tutmalıdır.

ATƏT-in Minsk Qrupunun qərəzli yanaşmalarla fəaliyyətini Rusiyanın xarici işlər naziri Sergey Lavrov etiraf etmişdi, bu isə çürümüş həmsədrlik institutunun formatında dəyişikliyi aktual edir.

Bunun üçün iki variant mümkündür: ya həmsədrlik institutu özünün buraxıldığını elan etməlidir, ya da həmsədrlik kreslosunda əyləşən dövlətləri daha etibarlı dövlətlər əvəz etməlidir. Nəzərə alaq ki, Minsk Qrupunun 11 üzvü var (Rusiya, ABŞ, Fransa həmsədrdir), onun tərkibindəki Türkiyə və Almaniyanın həmsədrliyə gəlməsi daha praqmatik olardı.

Yəqin ki, kulislərdə bu cür müzakirələr gedir, reallaşması çətin məsələ olsa da, mümkünsüz deyil.

Azərbaycan Ermənistanın növbəti dəfə qeyri-konstruktiv fazaya keçəcəyi risklərini də hesablayır, bunu İlham Əliyevin istər əvvəlki çıxışlarında, istərsə də, müşavirədəki nitqində də görə bilərik.

IRON MAX AZERBAIAN