Azad Media Susdurula Bilməz!
Leytenant rütbəsi veriləcək şəxslərlə bağlı qanun da - Qəbul edildi
HƏRBİ XƏBƏRLƏR

Leytenant rütbəsi veriləcək şəxslərlə bağlı qanun da - Qəbul edildi

Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu uğurla başa vuraraq zabit kimi həqiqi hərbi xidmətə könüllü qoşulan ali təhsilli hərbi qulluqçulara leytenant hərbi rütbəsi veriləcək.

Bakufakt.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişikliklərdə öz əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, hazırda “leytenant” hərbi rütbəsi qanunvericiliyə əsasən bir sıra kateqoriyalara verilir. Bunlara aşağıdakılar daxildir:

  • Hərbi təhsil müəssisələrini bitirən hərbi qulluqçular;

  • Məzun olduqdan sonra ehtiyata buraxılan və ailə vəziyyətinə və ya səhhətinə görə xidmətə yararsız sayılan qadın və digər hərbi qulluqçular;

  • Müəyyən edilmiş xidmət müddətini başa vuran, ekstern imtahan verən və ya yaxın ixtisas üzrə ali mülki təhsili olan kiçik leytenantlar;

  • Müharibə dövründə ixtisar olunmuş proqramla hərbi təhsil alan və ya kiçik zabit hazırlığı kurslarını bitirən ali təhsilli şəxslər;

  • Ali təhsil müəssisələrində hərbi hazırlıq keçən və imtahanları müvəffəqiyyətlə verən məzunlar;

  • Müvafiq hərbi ixtisasa yaxın ali təhsili olan və müddətli xidmət keçmiş hərbi vəzifəlilər — ehtiyat zabiti kimi attestasiya olunduqda;

  • Ehtiyat zabit hazırlığı üzrə imtahanları vermiş ali təhsilli əsgər, matros və çavuşlar — müddətli xidməti bitirdikdə;

  • Ekstern imtahan vermiş və ya qiyabi hərbi təhsil almış, zabit heyəti vəzifələrinə təyin edilərək ən azı bir il uğurla xidmət etmiş gizir və miçmanlar;

  • Ehtiyat zabit hazırlığı üzrə təlim toplanışlarını keçən və imtahanları verən ali təhsilli hərbi vəzifəlilər;

  • Ali mülki təhsili olan və zabit heyəti vəzifələrinə təyin edilərək bir ildən az olmayaraq bu vəzifələri uğurla icra edən qadın hərbi qulluqçular;

  • Ali təhsil müəssisələrini bitirib müddətli həqiqi hərbi xidmət keçmiş və sonradan zabit heyəti vəzifələrinə qəbul olunan hərbi vəzifəlilər.

Yeni dəyişikliklərlə isə zabit hazırlığı kursunu hərbi xidmət zamanı uğurla tamamlayan ali təhsilli şəxslərə də birbaşa leytenant rütbəsi verilməsi təmin olunur.

IRON MAX AZERBAIAN