Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama
Baş prokurorun müavini – Hərbi prokuror Xanlar Vəliyev "Tərtər işi" üzrə istintaqdan danışıb.
O, bu barədə jurnalistlərə açıqlama verib.
Xanlar Vəliyev işlə bağlı istintaqın davam etdiyini vurğulayıb.
“İş Baş Prokurorluqda araşdırılır. Biz vaxtında istintaq apardıq, müəyyən işlər gördük, bir qismini də dayandırdıq. İndi Baş Prokurorluq "Tərtər işi"ni təzələyib və istintaq aparır”.
Hərbi prokuror bildirib ki, hər il 98, 99 faiz hərbi cinayətin üstü açılıb:
“Ölüm hadisələri ilə bağlı baş verən cinayətlərin açılması faizi 100-dür. Tapşırıq vermişəm ki, hər bir ölüm halı ilə bağlı dərhal cinayət işi başlanılmalıdır”.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.
Onlar təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Bakufakt.az"