Siqaretin “tüstülədən”, spirtli içkilərin içmədən “sərxoş” edən qiymətləri - ARAŞDIRMA
Son vaxtlar hər kəs bahalaşmadan danışır. Hətta müşahidə məqsədilə bir neçə fərqli mağazalara girib qiymətləri müqayisə edənlər də az deyil. Hər kəs öz büdcəsinə uyğun market axtarışındadır desək, yalan olmaz.
Ümumiyyətlə bahalaşma ilə bağlı Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 3 milyard 636 milyon 600 min manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz azalaraq 2 milyard 664 milyon 400 min manata bərabər olub.
Burada maraqlı məqamlardan çörəyin, unun qiyməti ilə müqayisədə məhz siqaret və içkilərin qiymətində artım daha çox göz çarpır. Artıq sosial şəbəkələrdə siqaret çəkən insanlar bəzi tütün məmulatlarını tapa bilmədiklərini deyirlər.
Belə ki, son 20 gün əvvələ qədər “Sobranie” siqaretinin qiyməti 3,90 AZN olubsa, bu gün 4,30 - 5 AZN arasında dəyişir. Hətta bəzi iri marketlərdə bu siqaretin tapılmadığına dair iddialar da var.
Bundan başqa son 1 ay ərzində “Winston” siqaretinin qiyməti 3,20 AZN-dən 3,80 AZN-ə, “Kent-4” 3,70 AZN-dən 3,90 – 4 AZN-ə, “Davidoff studio” 3,60 AZN-dən 4 AZN-ə, “Winston” ballı isə 3,50 AZN-dən 3,80 AZN-ə qədər bahalaşıb.
Spirtli içkilərin də qiyməti təqribən elə bu aralıqda dəyişib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli deyir ki, 13 faiz artım olsa da, son 12 ayda ərzaq məhsulları, tütün və spirtli içkilərin qiyməti 18 faizə yaxın artıb:
“Bu o deməkdir ki, insanlar real ifadədə daha az məhsul istehlak ediblər. Bu sadəcə məbləğ ifadəsi ilə çoxalıb. Qiymət artdığı üçün daha çox istehlak edildiyi görünür. Amma eyni məhsulu 18 faiz daha baha aldıqlarına görə belədir. Amma faktiki olaraq, qiymət və inflyasiya effektini aradan qaldırsaq, əksinə azalma var.
Ümumiyyətlə qeyri-ərzaq məhsullarında isə qiymət artımına baxmayaraq ümumi şəkildə azalma var. Qeyri-ərzaq sahəsində ortaya çıxan problemlərdən dolayı, inflyasiya, qiymət artımı, digər tərəfdən isə gəlirlərin kifayət qədər artmaması ona gətirib çıxarır ki, insanlar ilk olaraq ərzaq almağa üstünlük verirlər. Rəqəmlər onu göstərir ki, insanların real istehlakının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı düşüb.