Tofiq Mirzəyev İsraildə dəfn edilib - FOTO
Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr və kino aktyoru, rejissor Tofiq Mirzəyev 22 iyul 2026-cı il tarixində ömrünün son illərini yaşadığı İsrailin Arad şəhərində torpağa tapşırılıb.
"Bakufakt" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və Tofiq Mirzəyevin oğlu iştirak edib.
“Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman çıxış edərək Azərbaycan icması adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. O, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən, Vətəndən uzaqda yaşamasına baxmayaraq Azərbaycanla bağlılığını hər zaman qoruyub saxlamasından və diaspor fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.
Çıxışlarda vurğulanıb ki, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafına və diaspor fəaliyyətinə verdiyi töhfələr hər zaman minnətdarlıq hissi ilə xatırlanacaq, onun əziz xatirəsi Azərbaycan icmasının yaddaşında dərin hörmət və ehtiramla yaşayacaq.
Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyası adından əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev iyulun 21-də gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.
Xatırladaq ki, Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülən sənətçi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
O, 2022-ci il iyunun 14-də Azərbaycan Respublikasının Xalq artisti fəxri adına və həmin tarixdə "Şöhrət" ordeninə layiq görülüb. Tofiq Mirzəyev "Nəsimi", "Üzeyir ömrü", "O qızı tapın", "Onun bəlalı sevgisi", "Uşaqlığın son gecəsi", "İstintaq" kimi filmlərdə rol alıb.

