Azad Media Susdurula Bilməz!
Azərbaycanlı jurnalist Avropada həbsə düşməkdən son anda qurtuldu - FOTO
GÜNDƏM

Azərbaycanlı jurnalist Avropada həbsə düşməkdən son anda qurtuldu - FOTO

İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli Bakıya gəlib. Bakufakt.az xəbər verir ki, jurnalist vətənə gəlmək ərəfəsində İsveçrədə az qala həbsə düşəcəkmiş, son anda bu təhlükədən sovuşub.

Həmkarımız baş verə biləcək hadisənin səbəbini belə izah edib:

“Deməli, İsveçrədə kürəkənim, qızım - fərqi yoxdur, kim maşın alırsa, adətən mənim adıma alırlar. Elə belə də olub. Maşınlardan birinə 40 frank (avrodan bir az bahadır) cərimə gəlib. Nədənsə bu cəriməni ödəmək yaddan çıxıb. Özü də bir dəfə yox, bir neçə dəfə.

Nəticədə 40 frank “işləyə-işləyə” 170 franka çatıb. İsveçrə belə ölkədir - sayğac dayanmaq bilmir.

Axırda xəbərdarlıq məktubu gəlib: “Bu dəfə də ödəməsəniz, 1 günlük həbs”.

Xanımım qızıma tapşırıb ki, bu söhbəti atan bilməsin. Sonra da əlavə edib ki, atan bilsə, deyəcək cəriməni ödəməyin, qoyun məni həbs etsinlər. Çünki jurnalistdir, İsveçrə həbsxanasında 1 gün keçirmək onun üçün maraqlı təcrübə olar…


Nə isə, götürüb cəriməni ödəyiblər. Halbuki mən İsveçrədə bir iş gününə təxminən 250 frank qazanıram. Məmnuniyyətlə 250 frank verib 1 gün həbsdə qalardım.

Bəzi ölkələrdə turistlər hətta pul verib 1-2 günlük “təcrübə üçün” həbsə düşürlər. Amma İsveçrədə belə bir xidmət yoxdur. Olsaydı, vallah bu fürsəti qaçırmazdım.

İsveçrədə insanlar həvəslə həbsxanaya gedirlər. Səbəb də maraqlıdır: bir məhbusun 1 günü dövlətə təxminən 250 franka başa gəlir. Yəni şərait o qədər yaxşıdır ki, adam demək olar “kef edir”.

İstəsən həbsxanada işləyib pul da qazana bilərsən. İstəməsən, özünə başqa məşğuliyyət taparsan.

Bir çox hallarda cəza belə verilir: məsələn, 3 ay həbs. Amma bu 3 ayı ilin hansı dövründə çəkəcəyini özün seçirsən. Deyirsən ki, qışda gedim, yayda çıxım.

Sürücülük vəsiqəsi ilə bağlı da oxşar sistem var. Müəyyən müddətlik əlindən alınır, amma onu nə vaxt təhvil verəcəyini özün planlaşdırırsan.

Yəni İsveçrədə insanlara cəza verəndə belə, onlara insan kimi yanaşırlar.

Bizdə isə çox vaxt əksini düşünürlər: guya insana zülm etməsən, o “cızığından çıxar”.

Halbuki məsələ çox sadədir - insana insan kimi yanaşanda o da insan kimi davranır".

IRON MAX AZERBAIAN