İctimai fəal saxlanıldı...
2025-ci ilin sentyabr ayında, yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq siyasi məhbus ailələrinin övladları üçün məktəb dəstəyi kampaniyası təşkil edən AXCP fəalı Nərmin Quliyevanın 22 oktyabr 2025-ci il tarixində mülki geyimli şəxslər tərəfindən saxlanıldığı bildirilir. Əldə olunan məlumata görə, o, saxlanıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Nərmin Quliyeva kampaniya çərçivəsində vəsait toplayaraq məktəbli uşaqlar üçün geyim və zəruri ləvazimatların təmin olunmasına dəstək göstərmişdi. Yaxınlarının bildirdiyinə görə, bu fəaliyyət tamamilə humanitar xarakter daşıyırdı və ictimai şəkildə həyata keçirilirdi. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsindən rəsmi açıqlama almaq məqsədilə sorğu ünvanlansa da, sorğumuza cavab verilməyib. Saxlanmanın səbəbi və hüquqi əsasları barədə ictimaiyyətə hər hansı məlumat təqdim olunmayıb. Məsələ ilə bağlı əlavə məlumatların əldə olunması istiqamətində araşdırmalar davam edir.

