
Hotel qiymətinə xəstəxanalar - tibbi sığorta işləmir?
Milli Məclisin plenar iclasında icbari tibbi sığortanın tətbiqi ilə bağlı problemlər müzakirə olunub. Deputatlar mövcud mexanizmin vətəndaşların işini asanlaşdırmaq əvəzinə, əksinə, əlavə çətinliklər yaratdığını bildiriblər.
Deputat Siyavuş Novruzov çıxışında icbari tibbi sığortanın təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu deyib: “Birincisi, sənədləşdirmə prosesi çox mürəkkəbdir. Vətəndaş müalicəyə gedir, oradan sənəd gətir, buradan sənəd apar... İnsan xəstəxana ilə aidiyyəti qurum arasında qalmamalıdır. Mexanizm elə qurulmalıdır ki, sistem avtomatik işləsin və vətəndaşın əlavə əziyyət çəkməsinə ehtiyac qalmasın”.
Deputat xüsusilə xəstəxana xərclərinin sığortaya daxil edilməməsinin ciddi problem yaratdığını qeyd edib: “Bu gün elə xəstəxanalar var ki, xəstəxanada qalmaq qiyməti hotel qiyməti ilə eynidir. Xəstəni əməliyyatdan sonra dərhal evə göndərmək olmaz, ən azı bir neçə gün nəzarət altında qalmalıdır. Lakin xəstəxanada qalmaq xərci sığorta tərəfindən qarşılanmır. Əksinə, çox hallarda xəstəxana xərci əməliyyat xərcini belə ötüb keçir. Hesab edirəm ki, gələcəkdə bu məsələ qanunvericilikdə öz əksini tapmalı, xəstəxana xərcləri də icbari tibbi sığortaya daxil edilməlidir”.
Siyavuş Novruzov əlavə edib ki, müəyyən ağır xəstəliklər üzrə vətəndaşlara pulsuz dərmanlar verilsə də, bu sahədə də problemlər qalmaqdadır: “Onkologiya, şəkər, böyrək çatışmazlığı, qan xəstəlikləri kimi çox ağır xəstəliklər üçün pulsuz dərman nəzərdə tutulur. Amma bu dərmanların paylanmasında ciddi problemlər var”.
Deputat həmçinin vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi vətəndaşların sağlamlıq xidmətlərinə əlçatanlığını artırmalı olduğu halda, hazırkı mexanizm əksər hallarda onları narazı salır. Onun sözlərinə görə, sığortanın iş prinsipləri beynəlxalq təcrübə əsasında yenidən nəzərdən keçirilməli və qanunvericilikdə zəruri dəyişikliklər edilməlidir.
Zülfüqar Yusifov
Mövzu ilə bağlı danışan Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov bildirib ki, dünyanın ayrı-ayrı ölkələrində sığorta siyasəti müxtəlif cür həyata keçirilir və əhalinin ehtiyaclarını ödəmə baxımından da fərqlənir: “Bu ölkələrin əksəriyyətində davamlı olaraq proseslərin təkmilləşməsi istiqamətində çalışmalar və təkliflər var. Çünki təkmilləşmənin sonu yoxdur.
Azərbaycanda icbari tibbi sığorta ilk addımlarındadır. Əlbəttə ki, belə bir vəziyyətdə çoxlu nöqsanlar və narazılıqlar gözləniləndir. Deputatın qeyd etdikləri haqlı məsələlərdir. Pasiyentin ağrısı olur və operativ şəkildə xəstəxanaya müraciət etmək istəyir, ancaq qarşısında böyük bir maneə durur. Çünki sənədləşmə bəzən mərhələli şəkildə olur ki, bu da uzun bir vaxt alır. Bu isə kritik vəziyyətdə olan xəstəyə heç sərf etmir.
Sənədləşmə prosesinin nəzarətdə olmaq şərti ilə daha da təkmilləşməsi, əlçatan və sadə olması yaxşı olardı. Bəzi xəstəxanalarda, məsələn, universitet klinikasında pasiyent müraciət edir və yerindəcə sığorta sənədlərini alır".
Həkim deyir ki, ağır xəstəlikdən əziyyət çəkənlər üçün apteklərin əlçatanlığı təmin olunmalıdır: “Pasyent istənilən yerdən ona təyin olunan dərmanı ala bilməlidir. Biz elektron səhiyyəyə keçmişik və bu keçid davam edir. Burada da təkmilləşməyə ehtiyac var, proses araşdırılır və böyük ehtimalla müvafiq instansiyalar narahatlıqları aradan qaldırmaq üçün tədbir görəcək. Amma bu prosesin tezləşməsinə ehtiyac var. Dərmanların sığorta vasitəsilə xəstələr tərəfindən əldə olunması təmin edilməlidir.
Xəstəxana xərclərinə gəldikdə isə deyə bilərəm ki, sığortada müəyyən yataq günləri üçün ödəniş edilir. Göstərilir ki, hansı əməliyyatdan sonra xəstə neçə gün xəstəxanada qala bilər. Bəzən xəstəxanada əlavə qalma halları ortaya çıxa bilər. Belə halların müzakirəsi lazımdır ki, bu, xəstənin istəyi ilə, yoxsa tibbi göstərişlə baş verir. Tibbi göstərişlə baş verirsə, o zaman xəstəxana xərci sığorta tərəfindən ödənilməlidir. Çünki bütün əməliyyatlar həmişə uğurlu olmur və təyin edilən yataq günlərindən artıq xəstəxanada qalmağa ehtiyac olar.
Bəzi xidmətlərə görə franşiza tətbiq oluna bilər. Bu o deməkdir ki, müəyyən xidmətlər üçün pasiyent kiçik məbləğdə faiz ödəyə bilər. Bu, ona görədir ki, pasiyent davamlı tibbi xidmətdən sui-istifadə etməsin və ekonomik məsuliyyət daşısın. Özəl xəstəxanalar da sığorta ilə əməliyyat olunan xəstələrin xəstəxana xərclərini çəkməlidirlər".
Z.Yusifov bildirir ki, icbari tibbi sığortanın onkoloji xəstələrə də şamil edilməsi vacibdir: “Onkoloji xəstəliklər həddindən artıq maliyyə tələb edir. Bütün bunların müzakirə olunaraq gələcəkdə sığorta paketlərinə daxil edilməsi düşünülməlidir.
Növbələrin çox olmasına da diqqət etmək istərdim. Bunlar sığortanın verdiyi dəstəyin keyfiyyətini aşağı salır. Pasiyent zamanında tibbi yardım ala bilmirsə, sığortanın əhəmiyyəti itmiş olur. Növbələrin aradan götürülməsi üçün lazım olan işlərin görülməsi səmərəli olar.