Azad Media Susdurula Bilməz!
“TikTok”da “surroqat ana” elanları: Gürcüstan bazarı və 18 min dollardan başlayan qiymətlər
GÜNDƏM

“TikTok”da “surroqat ana” elanları: Gürcüstan bazarı və 18 min dollardan başlayan qiymətlər

“TikTok” sosial şəbəkəsində tez-tez qarşımıza çıxan qeyri-adi elanlar arasında bir mövzu xüsusilə diqqət çəkir: surroqat ana axtarışı. Pul müqabilində başqa ailənin övladını dünyaya gətirməyi təklif edən bu səhifələrdə elanların əksəriyyəti Gürcüstanda həyata keçirilən proseslərə aid edilir. Azərbaycanda qanunla qadağan olunan surroqat analıq xidməti qonşu ölkədə leqal formada həyata keçirildiyi üçün elanlarda iştirak edənlərin hamısı məhz Tiflis və digər şəhərlərə yönləndirilir.

Bakufakt.az əməkdaşı belə səhifələrdən birinin administratoru ilə əlaqə saxlayaraq prosedurun detalları, ödənişlər və şərtlərlə maraqlanıb.

SURQAT.jpeg (108 KB)

Əlaqə saxladığımız şəxs bildirib ki, surroqat analıq yalnız 39 yaşadək olan və sağlamlıq problemi olmayan qadınlara təklif olunur. Proses zamanı 5–6 həftəlik embrion qadının bətninə yerləşdirilir və hamiləlik 37-ci həftəyə qədər davam etdirilir.

Söhbət zamanı ödənişlər barədə də konkret rəqəmlər təqdim olunub:

Ümumi məbləğ 18 min dollar təşkil edir. Əgər qadın klinikanın dəstəyi ilə Gürcüstana gedirsə, gediş-gəliş bileti, yaşayış yeri, ərzaq, kommunal xərclər və dərmanlar xəstəxana tərəfindən qarşılanır.

Transfer zamanı surroqat anaya 300 dollar “hədiyyə” verilir. Körpənin ürək döyüntüsü başladıqdan sonra hər ay əlavə 300 dollar ödəniş edilir. Hamiləliyin 22-ci həftəsində isə daha 300 dollar bonus ayrılır.

Əgər doğuş təbii yolla olarsa, əlavə ödəniş edilmir. Amma keysəriyyə əməliyyatı lazım gələrsə, 1500 dollar, əkiz uşaqlar doğularsa, 2000 dollar əlavə məbləğ verilir.

Körpə dünyaya gəldikdən sonra tam ödəniş edilir və qadın bir həftə – on gün ərzində geri qaytarılır.

Daha bahalı variant – öz hesabına gələnlər üçün

Administrator qeyd edib ki, əgər surroqat ana Gürcüstana öz hesabına gedərsə, biletlərini, ev kirayəsini özü ödəməlidir. Bu halda ödəniş 26 min dollara yüksəlir. Transfer mərhələsindən sonra isə dərmanları klinika təmin edir.

Prosesin ən gizli tərəfi isə ailələrin tamamilə məxfi saxlanılmasıdır.

Administratorun sözlərinə görə, surroqat analar uşağı hansı ailə üçün dünyaya gətirdiyini bilmir, yalnız klinikanın təyin etdiyi qaydalar çərçivəsində hərəkət edirlər. Körpənin hansı klinikada doğulacağına isə ailənin özü qərar verir.

Qeyd edək ki, Azərbaycanda surroqat analıq qanunvericiliklə qadağan olunub. Buna görə də yerli sosial şəbəkə istifadəçilərinə ünvanlanan elanların hamısı qonşu Gürcüstana istiqamətləndirilir. Rəqəmlər göstərir ki, bu sahə qonşu ölkədə gizli və paralel bir bazara çevrilib və qiymətlər də ildən-ilə artır. Gürcüstandan gələn bu təklifə ölkəmizdə də maraq artıb.

Musavat.com-un qeyri-rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, son zamanlar əvvəlki illərə nisbətən bu rəqəmlərdə artım müşahidə edilir.

EKREM.jpg (30 KB)

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Hüseynov açıqlamasında bildirib ki, Azərbaycanda surroqat analıq qanunvericilikdə nəzərdə tutulmayıb və qadağan olunmuş praktikadır:

“Azərbaycanda reproduktiv sağlamlıqla bağlı tibbi texnologiyaların tətbiqi qanunla tənzimlənir. Lakin surroqat analıq qanuni əsas tapmayıb. Belə əməliyyat ölkə daxilində həyata keçirilsə, həm tibbi müəssisə, həm də bu prosesdə iştirak edən şəxslər məsuliyyət daşıya bilər. Gürcüstanda bu əməliyyat qanuniləşdirildiyi üçün azərbaycanlı qadınlar oraya gedərək bu işlə məşğul olurlar. Hansısa xanım daşıyıcı ana olmağa razılıq veribsə, bütün hallarda Gürcüstanda oranın qanunlarını bilən mütəxəssislə məsləhətləşməlidir. Elə etməlidir ki, orada fırıldaqçıların qurbanına çevrilməsin. Söhbət insan səhhətindən gedirsə, təhlükə nəzərə alınmalıdır”.

IRON MAX AZERBAIAN