Azad Media Susdurula Bilməz!
Saxta diplomlar, zədələnmiş həyatlar və vicdansızlıq: “Uğur 777” Klinikasının gerçək üzü ARAŞDIRMA
GÜNDƏM

Saxta diplomlar, zədələnmiş həyatlar və vicdansızlıq: “Uğur 777” Klinikasının gerçək üzü ARAŞDIRMA

Bugünkü Azərbaycan reallığında, bir tərəfdə savadlı, vicdanlı həkimlər gecə-gündüz çalışaraq cəmiyyətə fayda verməyə çalışır, digər tərəfdə isə heç bir peşə etikası olmayan, saxta diplomların arxasında gizlənənlər insanların həyatını alt-üst edirlər. Bu acı reallığın bariz nümunəsi “Uğur 777” adlı klinika və onun arxasında duran Xəyalə İsmayılovadır.

Bu gün “estetik əməliyyatlar” adı ilə qadınlara qarşı aparılan saxtakarlıq, təkcə səhiyyə yox, insanlıq adına da bir ləkədir. Sponsorluq etdiyi reklamlarla, “endirim kampaniyası” pərdəsi altında, imkanları məhdud olan qadınların bədəninə və ruhuna dərin izlər buraxan bu klinika, əslində bir estetik mərkəz yox, məsuliyyətsizliyin və vicdansızlığın ünvanıdır.

Bakufakt.az xəbər verir ki, Xəyalə İsmayılova “həkim” titulunu daşıyır, amma nə diplomu ictimaiyyətə açıq şəkildə təqdim edilir, nə də təhsil aldığı müəssisə barədə şəffaf məlumat verilir. Təsdiqsiz diplomlar, qeyri-rəsmi sertifikatlar və mediada yalançı təsdiqlərlə ictimaiyyəti aldatmağa çalışan bu şəxsin əməlləri sadəcə hüquqi məsuliyyət yox, həm də mənəvi bir cinayətdir.

Ən acınacaqlısı odur ki, bu “həkim” əməliyyatların nəticəsində zərər çəkən qadınlara qarşı ikinci, bəzən üçüncü dəfə cərrahi müdaxilə edərək, onların həm fiziki, həm də psixoloji durumunu daha da ağırlaşdırır. Nəticə? Zərərçəkən, öz bədənində silinməyəcək izlərlə, əzabla və utancla yaşamağa məhkum olur.

Üstəlik, şikayət edən qadınlara qarşı istifadə edilən “susturma taktikaları” – “hara istəyirsən, şikayət et”, “pulları verib şikayəti sildirəcəm” kimi təhdid dolu cümlələr, təkcə hüquqi deyil, həm də insani dəyərlərə qarşı açıq bir hücumdur.

Vətəndaşları təhqir edən “sanitar” Sənan kimi şəxslərin də bu sistemin tərkib hissəsi olaraq, qadınlara qarşı kobud və alçaldıcı ifadələr işlətməsi, bu klinikanın iç üzü və idarəçiliyinin hansı səviyyədə olduğunu bir daha göstərir. Xəyalə İsmayılovanın müştəri yox, “qurban” axtarışı, onun məqsədinin müalicə deyil, mənfəət olduğunu göstərir.

Sual budur: bu qədər şikayət, bu qədər sübut qarşısında niyə hələ də hüquqi addımlar atılmır? Niyə bu qadının saxta fəaliyyətinə göz yumulur? Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və aidiyyəti qurumlar bu məsələdə niyə susur?

Bu biabırçı vəziyyətə son verilməlidir. “Uğur 777” klinikasında zərərçəkən hər bir qadının səsi eşidilməli, onların hüquqları qorunmalı və məsul şəxslər qanun qarşısında cavab verməlidir. Həyat və sağlamlıq oyuncağa çevrilə bilməz. Vicdanı olan hər kəs bu məsələdə susmamalı, haqsızlığın qarşısında dayana bilməlidir.

Və sonda qeyd edək ki, Xəyalə İsmayılovanın pafoslu özünü müdafiəsi heçdə öz təstiqin tapmayıb. Səhiyyə Nazirliyi tərəfindən onun sözçülərinin iddialarındakı kimi heçnəyə rast gəlinməməkdədir ki, Nazirliyin yaydığı siyahıda həkim olaraq adına rast gəlmək mümkün olmadı. Həmin siyahınıda olduğu kimi sizlərə təqdim edirik.


Yadda saxlayın: susmaq, bu cinayətin bir parçası olmaq deməkdir.

Biz mövzunu diqqətdə saxlayaraq məsələ ilə bağlı zərərçəkmişlərin video müsahibələrini sizlərə növbəti araşdırmalarımızda təqdim edəcəyik.

IRON MAX AZERBAIAN