Azad Media Susdurula Bilməz!
"Apple"in səbirsizliklə gözlənilən layihəsi ləğv olundu
GÜNDƏM

"Apple"in səbirsizliklə gözlənilən layihəsi ləğv olundu

Apple uzun müddətdir üzərində işlədiyi elektrik avtomobil layihəsi "Project Titan"ı dayandırıb.

Şirkətin bu barədə işçilərinə artıq xəbər verdiyi və komandada 2000 nəfərin məhsuldar süni intellektlə bağlı layihəyə qatılacağı bildirilir. "Bloomberg”in məlumatına görə, "Apple”in baş əməliyyat direktoru Ceff Williams və vitse-prezidenti Kevin Linç işçiləri layihənin dayandırılması barədə məlumatlandırıblar. Layihənin dayandırılması nəticəsində ixtisarların olacağı bildirilsə də, işdən çıxarılanların sayı hələ dəqiq deyil. Məlumatda "Apple Car” layihəsinin 2028-ci ilə təxirə salındığı bildirilib.

"Project Titan” adlı gizli avtomobil layihəsi haqqında şayiələr ilk dəfə 2015-ci ildə ortaya çıxmışdı. 2022-ci ildə "The Information”un xəbərində davamlı dəyişən planlar və şirkət daxilində avtomobil layihəsinə şübhə ilə yanaşma kimi problemlərin olduğu bildirilirdi. Başqa bir hesabatda, sözügedən avtomobillərin 100 min dollardan aşağı olacağı və şirkətin planlaşdırdığı kimi təkmil avtonom sürmə qabiliyyəti ilə gəlməyəcəyi ortaya çıxmışdı.

Layihənin dalana dirəndiyini görən "Apple”, resurslarını süni intellektə yönəltməyə qərar verib. Şirkətin "Ajax” adlı öz süni intellekt modelini hazırlamaq üçün gündə milyonlarla dollar xərclədiyi bildirilir. "Apple”in rəhbər şəxslərindən olan Tim Kuk bu yaxınlarda şirkətin ilin sonunda generativ süni intellekt modelini təqdim edəcəyini təsdiqləyib.

Reklam ADS