Qaynını uşağının gözü qarşısında bıçaqlayan qadına AĞIR CƏZA
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda qaynını öldürməyə cəhddə təqsirləndirilən Mələk Ağayevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
İttihama görə, hadisə 18 may 2021-ci il tarixdə, saat 06 radələrində Masallı rayonu, Çaxırlı kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü Mələk Ağayeva ərinin qardaşı Qalib Ağayevlə (şərti) mübahisə edib. Qalib qadına bildirib ki, ərinə xəyanət etməsindən şübhələnir və buna görə onu ifşa edəcək. Mələk qaynı ilə aralarında yaranmış narazılıqla əlaqədar onu qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə Mələk 18 may 2021-ci il tarixdə, saat 06 radələrində yaşadıqları evdən mətbəx bıçağını götürüb və zərərçəkmiş şəxsin yatdığı otağa daxil olub. Otaqda Qalib iki azyaşlı uşağı ilə yatırmış. Bu zaman uşaqlardan biri yuxudan oyanıb. Qadın həmin uşağın gözü qarşısında çarpayıda arxası üstə yatan qaynının döş qəfəsinə bıçaqla qəsdən bir dəfə zərbə vurub. Zərərçəkmiş şəxsin həmin xəsarətdən öləcəyini zənn edən Mələk hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra Mələk Ağayeva polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmə istintaqı zamanı Mələk Ağayeva ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, təqsirli bilərək göstərib ki, qaynı Qalib 2020-ci ilin iyun ayında Masallı rayonu, Çaxırlı kəndində birlikdə yaşadıqları evin həyətində ona qarşı əxlaqsız hərəkət etmək istəyib, ona “WhatsApp”da sevgi məzmunlu mesajlar göndərib. Qadın vurğulayıb ki, son vaxtlar ərinin ona qarşı soyuq münasibət göstərməsindən əsəbiləşib “Snapchat” proqramı vasitəsilə Namiq (şərti) adlı şəxslə tanış olub, onunla danışıb. Mələk söyləyib ki, Qalib onun mobil telefonunu gizli şəkildə götürüb, hadisə də bundan sonra baş verib.
www.bakufakt.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə :+994 55 262 66 76
BakuFakt.az