Füzuli sakinlərindən Türkiyəyə qardaş yardımı
Füzuli rayon sakinləri Türkiyədə zəlzələdən zərərçəkmiş şəxslərə humanitar yardım kampaniyasına qoşulub.
Yardım məqsədilə rayonda könüllü aksiyalara başlanılıb. Rayon sakinləri və könüllülər yorğan, döşək, isti geyimlər, gigiyenik vasitələr, uşaq bezləri, quru ərzaq məhsulları və digər zəruri vasitələrdən ibarət yardımlar toplayıblar. Artıq bu gün füzulilərin ilk qardaşlıq yardımı Türkiyəyə yola salınıb.
"Türkiyədə baş verən dəhşətli zəlzələ səbəbindən çoxsaylı insan tələfatı, yaralıların olması, dağıntıların baş verməsi bütün xalqımız kimi füzuliləri də ürəkdən kədərləndirdi, sarsıtdı. Hər zaman sevincimizə sevinib, kədərimizə kədərlənən, dar gündə köməyini bizdən əsirgəməyən, dilimiz, dinimiz bir olan bacı və qardaşlarımızın çətin anlarında yanlarında olmaq, birlik, həmrəylik nümayiş etdirmək hər birimizin mənəvi borcumuzdur", - deyə sakinlər bildirib.