Azad Media Susdurula Bilməz!
Sosial şəbəkələrdəki reklam və elanlar nə qədər güvənlidir?
GÜNDƏM

Sosial şəbəkələrdəki reklam və elanlar nə qədər güvənlidir?

Sosial media təkcə rahat ünsiyyət platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır. Sosial media onu istifadə edənlərin məqsədlərindən asılı olaraq milli təhlükəsizliyə bir sıra təhdidlər də yarada bilər. Bunlardan biri də saxta reklam və elanlardır.


 

Sosial media eksperti Azər Həsrət bildirir ki, vətəndaşlar sosial şəbəkələrdə tanınmayan reklamlardan uzaq durmalıdır:
"Sosial media üzərindən reklam günümüzün reallığı, həm də zərurətidir. Sosial medianın çox geniş yayılması, hər kəs üçün əlçatan olması, eyni zamanda, qiymət və s. məsələləri reklamçıları da həvəsləndirir və onlar da sosial media üzərindən reklamı həvəslə sağa-sola paylaşır, yayırlar. Amma əlbəttə ki, burda təhlükəli tərəfi də qeyd etmək lazımdır. Çünki hər sahədə olduğu kimi sosial media üzərindən reklam fəaliyyətində də dələduzluq, aldatma, yalançılıq kimi hallara rast gəlinir. Yəni, dəqiq olaraq elə hadisələr baş verir ki, o hadisələri eşidəndə, dinləyəndə düşünürük ki, niyə insanlar buna inanır? Yəni, bu sualın cavabını hər kəs özü üçün müəyyənləşdirməlidir.
Əslinə qalanda, əlbəttə ki, sosial media üzərindən reklamın yayılması sərbəstdir, istənilən şəxs reklam yaya bilər. Amma bu durum həm də dələduz və fırıldaqçıları da biganə qoymur. Yəni, onlar da vəziyyətdən özlərinin məkrli məqsədləri üçün istifadə edirlər. Dəfələrlə olub, biz özümüz də eşitmişik, sosial medianın özündə də paylaşım olub, mediada yazılıb, yaxud da televiziya kanallarında işləmişik ki, tutaq ki, hansısa bir reklama aldanıblar, o reklam əsasında beh veriblər, onlayn rejimdə kartdan-karta, yaxud da kiminsə hesabına, telefon nömrəsinə pul köçürdüblər və bir müddət sonra həmin telefon nömrəsi qapadılıb, ümumiyyətlə kart tapılmayıb, sahibi ilə də əlaqə saxlamaq mümkün olmayıb, bununla da məsələ bağlanıb. O baxımdan mən düşünürəm ki, sosial media üzərindən reklamlara çox da güvənmək olmaz. Əlbəttə, eləsi də var ki, ciddidir və onlara güvənilməlidir. Mənə elə gəlir ki, güvənmək üçün də insanlar bir qədər düşüncəli olmalıdır. Yəni, yoxlamaq imkanları var, telefon nömrəsi və s. İndiki zamanda heç kimin tanımadığı təsadüfi şirkətlər, qurumlar adından verilən reklamlara da əlbəttə ki, bir qədər şübhəli yanaşmaq lazımdır. Şəxsən mən özüm elə edirəm. Yəni, bəzən hansısa xidmət, hansısa məhsul lazım olanda araşdırma aparıram, görürəm ki, bəli, bunların üzərindən hərəkət edib nəsə almaq olar. Amma onun ardınca da bilirsiniz ki, internet elə qurulub ki, biz konkret bir şeyi axtaranda artıq sosial medianı açan kimi dərhal qarşımıza həmin məsələ ilə bağlı reklamlar, təkliflər çıxır və bu cür təkliflərə, reklamlara aldanmamaq lazımdır. Diqqətli olmaq, bir qədər düşüncəli olmaq, eyni zamanda, qarşımıza çıxan tanınmayan, bilinməyən reklamlara alət olmamaq lazımdır. Məsələn, Amazon.com-un reklamı çıxarsa, əlbəttə ki, burda artıq güvənməmək məsələsi yoxdur. Çünki dünyaca məşhur alış-veriş xidmətidir və dünyanın hansı bölgəsində olmağımızdan asılı olmayaraq biz ordan nəsə ala bilərik. Amma məsələn, hanısa A, B, C adlı şirkət özünü reklam edir, biz onun adını ilk dəfə həmin reklamda görürüksə, o reklamdan təbii ki, yararlanmamalıyıq. Düşünürəm ki, çıxış yolu bundan ibarətdir. Ümumiyyətlə isə bu elə bir dələduzluq yolu, üsuludur və əlbəttə ki, texnoloji baxımdan məlumatı az olan insanlar bu dələduzluğun qurbanı olurlar. Bu baxımdan, insanların daha diqqətli davranması vəziyyətdən çıxış yolu kimi göstərilə bilər".
Digər bir problem də sosial şəbəkələrdə saxta iş elanları ilə bağlıdır. Belə ki, elanları paylaşan fırıldaqçı şəxslər vətəndaşlardan işə düzəltmək adı ilə müəyyən məbləğdə pul tələb edir və pulu aldıqdan sonra yoxa çıxırlar.

 

Emosional İntelekt üzrə mütəxəsis, sosial ekspert Rəşad Borcəliyevin sözlərinə görə, fırıldaqçılar az məbləğ - 30-40 manat tələb etdiklərinə görə vətəndaş polisə müraciət etməkdə çətinlik çəkir:
"Bu çox ciddi mövzudur. Son zamanlarda sosial şəbəkələrdə onlayn iş elanları olur. Bu statistika və hüquq mühafizə orqanları ilə birgə araşdırmalar nəticəsində məlum olub və bir çox hallarda bu şəxslər barəsində cinayət işi açılır. Müəyyən mənada asan gəlir əldə etmək üçün sosial şəbəkələrdə digərlərinin iş elanlarını paylaşmaqla vətəndaşları özlərinə cəlb edirlər. Çünki, hazırda müəyyən işsizliyə görə insanlar çalışırlar ki, sosial şəbəkələrdə iş axtarsınlar. Bu halda da əvvəlcədən qarşı tərəf özünü təqdim etmədən guya ki, qeydiyyat üçün 50-100 manat pul tələb edir, şəxsiyyət vəsiqəsini və ya başqa rəsmi sənədləri tələb edir ki, bu da tam qanunsuzdur. Mütləq şəkildə onlayn iş elanlarının heç birində vətəndaşlar öncədən ödəniş etməməlidir.
Belə elanların dəqiqliyini yoxlamaq üçün mütləq şəkildə elanda yerləşdirilən nömrə ilə əlaqə saxlanılmalı və ofisə yaxınlaşılmalıdır. Heç bir onlayn iş təklif edənlərin görmədən, danışmadan ödəniş tələb etmək hüququ yoxdur. Bundan əlavə, bu iş elanlarında vətəndaşlardan ödənişi kartla etmələri və ya kartın arxasındakı şəxsi məlumatların verilməsin tələb olunur ki, tez bir zamanda pul əldə olunsun. Vətəndaşların aldanmaması üçün ilk növbədə elanın kim tərəfindən verildiyi aydınlaşdırılmalıdır və nəzərə alınmalıdır ki, heç bir işə qəbul yerlərində öncədən ödəniş tələb edilə bilməz. Lakin vətəndaşlar müəyyən ehtiyaclara görə məcburiyyət qarşısında qalıb, az ödəniş etməklə tez bir zamanda işlə təmin olunmaq istəyirlər. Bu alqı-satqı məsələlərində də çox vaxt tələbələrin başına gəlir ki, rayondan elanlarla bağlı zəng edirlər, onlardan ödəniş, beh tələb olunur və sonradan vətəndaşları bloka ataraq yoxa çıxırlar. Məbləğ az olduğuna görə vətəndaş polisə müraciət etməkdə çətinlik çəkir".

 

Sosioloq Elçin Bayramlı bildirir ki, bu prolemin həlli üçün dövlət qurumları öz işlərində məsuliyyətli olmalıdır:
"Çox uzun illərdir ki, bu iş elanları ilə bağlı ciddi problemlər var. Xüsusilə də, sosial şəbəkələrdə verilən elanların çox böyük əksəriyyəti fırıldaqçılıq, yalan, qumar oyunları, səyyar satış üçün işçi axtarılması və s. başqa adlarla adını menecer, marketinq mütəxəssisi qoyaraq küçələrə salınası adamlara heç bir maaşdan söhbət getmir. Ancaq özün şirkətə pul qazandırıb, ordan faiz ala bilərsən. Bu aldadıcı, bər-bəzəkli reklamların, elanların arxasında tamam başqa məqsədlər dayanır. O cümlədən, belə bir problem də var ki, elanların çoxunda xüsusilə qız tələb olunur. Bu elanların əksəriyyəti tamam başqa məqsədlər güdür. Yəni, burda qızların, qadınların cəlb edilərək müxtəlif vəziyyətlərdə məcbur və ya şantaj edilərək, yaxud da şirnikləndirilərək cinsi istismara məruz qoyulmasına səbəb olur. Bununla bağlı müəyyən vaxtlarda media, sosial şəbəkələrdə çoxsaylı məlumatlar gedib.
Ümumiyyətlə insanlar ehtiyatlı olmalıdır, sosial şəbəkələrdə verilən hər məlumatlara ciddi yanaşmamalıdır. Aydındır ki, bəzi ciddi səhifələr, vakansiya saytları, tanınmış, məşhur resurslar var ki, onlarda elə ancaq normal iş elanları olur, şirkətlərin, dövlətlərin, dövlət müəssisələrinin vakansiyaları verilir. Amma digərləri barədə bunu demək olmaz. Bunların bir çoxu dediyim kimi, qumar, aldadıcı, fırıldaqçı tipli elanlardır.
Məsələnin digər bir tərəfi də var ki, işsizlikdən istifadə edib, insanları aldadıb pul qazanırlar. Deməli, iş elanı verən işədüzəltmə büroları adı altında fəaliyyət göstərənlər işçilərdən əvvəlcədən pul tələb edir. 10-20 manat məbləğində pul tələb edir, sonra da ona elə işlər təklif edir ki, o alınmır, uyğun olmur və yaxud həddindən artıq az maaşa həddindən artıq az iş olur. Bəzən isə ümumiyyətlə pulu alıb, iş də təklif etmir. Qeydiyyata alacağıq, cavab verəcəyik və s. deyib, 1-2 ay insanlardan pul yığır və sonra qəfildən otağını bağlayıb, yoxa çıxır. Hardasa bir otaq açıb, bu formada  vətəndaşları talamağa davam edir. Bununla bağlı faktlar olanda yaxşı olar ki, insanlar Daxili İşlər Nazirliyinə müraciət etsinlər, Əmək və Sosial Müdafiə Nazirliyinə, Vergilər Nazirliyinə məlumat versinlər, bunların fəaliyyəti nə dərəcədə qanunidir, şəffafdır, lisenziyası varmı və s. Ümumiyyətlə hər hansı bir iş elanı əvvəlcədən araşdırılmalıdır, heç bir ödəniş edilməməlidir. Yalnız rəsmi qanuni, əmək müqaviləsi ilə işə düzələndən sonra bu barədə düşünmək olar, vasitəçi firmaya kiçik məbləğdə ödəniş etmək olar.
Bunların bir çoxu qeyri-rəsmi fəaliyyət göstərir, vergi ödəmirlər, vergidən yayınırlar, heç bir məsuliyyət orqanı onların kim olduğunu tapa bilmir, saxta adlarla fəaliyyət göstərirlər.
İnsanlar belə mövzularda məsuliyyətli, ehtiyatlı olmalıdır. Bu problem geniş yayılıb. Yüzlərlə, minlərlə insan aldadılıb, milyonlarla pullar mənimsənilib. İnsanların işsizliyindən istifadə edilir və belə hallar getdikcə çoxalır. Yaxşı olardı ki, insanlar ilk növbədə məşğulluq mərkəzlərinə müraciət etsinlər. Ümumiyyətlə Əmək Nazirliyi və eləcə də, məşğulluq mərkəzləri işlərinin öhdəsindən gələ bilmir. Necə olur ki, sadə saytlarda minlərlə iş elanı olur, amma məşğulluq xidmətlərində bu vakansiyalar yoxdur. Deməli, onlar sadəcə olaraq işləmirlər, dövlətin pulunu yeyib, yatırlar. Bunlar bütün ölkədə fəaliyyət göstərən müəssisələrdən hər həftə mütəmadi olaraq işçi elanlarını toplamalıdırlar və öz saytlarında, keçirdikləri əmək yarmarkalarında bunları təqdim etməlidirlər. İnsan dövlət təminatı altında rəsmi, qanuni, hüquqi olaraq işə düzəlməlidirlər. Bunu dövlət orqanları etmir deyə, belə saxta işlərlə məşğul olan fiziki və hüquqi şəxslər üçün münbit şərait, onların fəaliyyəti üçün stimul yaranır. Çünki rəsmi alternativ yoxdur. Rəsmi qurumlar arada bir neçə lazımsız və yararsız işlər çıxarır yarmarkaya. Amma ölkədəki minlərlə vakansiyalar sosial şəbəkə səhifələrində və vakansiya saytlarında verilir. Bu məsələnin həlli yaxşı olar ki, dövlət tərəfindən xüsusi genişmiqyaslı proqram şəklində hazırlansın. Xüsusi bir sayt yaradılsın, hamıya tanıdılsın və insanlar bilsin ki, işi hardan tapmaq lazımdır və buna kim təminat verir"

IRON MAX AZERBAIAN