Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra
Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətdə pensiya kapitalı toplasalar da, pensiyalarının yenidən hesablanması müəyyən şərtlərlə həyata keçirilir.
Bəs işləyən pensiyaçıların pensiyası hansı qaydada artırılır? Mövcud mexanizm bu şəxslərin maraqlarına nə dərəcədə uyğundur?
"Bakufakt" xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov Azərbaycanda yaşa görə pensiyaya çıxdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması qaydaları müzakirə mövzusudur deyib.
“Mövcud mexanizmə əsasən, pensiya təyin olunduqdan sonra işləyən və sosial sığorta haqqı ödəyən şəxslərin topladıqları pensiya kapitalı müəyyən müddətdən sonra nəzərə alınır. Qaydalara görə, pensiya təyin edildikdən sonra işləməyə davam edən şəxsin fərdi hesabında toplanan pensiya kapitalı 6 il tamam olduqdan sonra 72-yə bölünərək aylıq pensiyasına əlavə olunur. Bu proses avtomatik həyata keçirilir və vətəndaşın yenidən müraciət etməsinə ehtiyac qalmır”.
İqtisadçının sözlərinə görə, mövcud mexanizmin mənfi tərəfləri də var:
“Belə ki, vətəndaş 6 il ərzində işləyərək sosial sığorta haqqı ödəsə də, həmin ödənişlərin pensiyasına təsiri yalnız bu müddət başa çatdıqdan sonra nəzərə alınır.
Bu isə işləyən pensiyaçıların ödədikləri sosial sığorta haqlarının nəticəsini daha qısa müddətdə görməsinə mane olur. Bu baxımdan, pensiyaların yenidən hesablanması mexanizminin təkmilləşdirilməsi, sosial ədalət və iqtisadi səmərəlilik prinsiplərinin gücləndirilməsi təklif edilir”.
Asif İbrahimovun fikrincə, əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri sosial sığorta haqlarının nəticəsinin daha çevik şəkildə pensiyalarda əks olunması üçün yenidən hesablama müddətinin qısaldılması məqsədəuyğun hesab olunur:
“Eyni zamanda, pensiya sistemində ödənilən sosial sığorta haqları ilə vətəndaşın əldə etdiyi pensiya arasında daha aydın, şəffaf və ədalətli əlaqənin qurulmasının vacibliyi vurğulanır”.

