Əhmədlidəki “Boranı” restoranında müştərilərə kəskin qoxulu yeməklər təqdim olunub?
“Boranı” restoranının Əhmədli filialı ilə bağlı sosial şəbəkədə narazılıq doğuran paylaşım edilib.
“Bakufakt" xəbər verir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” adlı Facebook qrupunda sosial şəbəkə istifadəçisi Vəfa M-va paylaşım edib.
Paylaşım müəllifinin sözlərinə görə, onlar axşam saatlarında çox ac olduqları üçün tələsik restorana daxil olaraq yemək sifariş ediblər. Lakin sifarişlərin hazırlanıb təqdim olunması 25-30 dəqiqə çəkib. Müştərinin iddiasına görə, süfrəyə gətirilən yeməklərdən kəskin qoxu gəlib və onların təzə olmadığı açıq şəkildə hiss olunub.
Vəfa M-va bildirir ki, yaranmış vəziyyətlə bağlı restoran rəhbərliyinə şikayət etsələr də, qarşı tərəfin münasibəti onları qane etməyib. Onun sözlərinə görə, rəhbərlik şikayətə cavab olaraq mentalitetlə bağlı ifadələr işlədib.
Paylaşım müəllifi narazılığını ifadə edərək, restoranda çoxsaylı müştərilərin olmasının xidmət keyfiyyətinə bəraət qazandırmadığını vurğulayıb.
Qeyd edək ki, səsləndirilən fikirlər paylaşım müəllifinin iddialarıdır. Hadisə ilə bağlı restoran rəhbərliyinin mövqeyi məlum deyil. İddiaların obyektiv araşdırılması və müştəri narazılığının aydınlaşdırılması vacibdir.
“Real Azərbaycan” olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

