Milli Mətbuat Günü, yoxsa bir qarın ayaqüstü yemək tədbiri?
151 illik Milli Mətbuat Gününün mahiyyəti Azərbaycan jurnalistikasının keçdiyi yolu, söz azadlığı uğrunda mübarizə aparmış qələm sahiblərini və peşəkar medianın cəmiyyətdəki rolunu xatırlamaq olmalı idi. Təəssüf ki, bu il keçirilən tədbirdən yayılan görüntülər və iştirakçı heyəti bu bayramın əsl ruhu barədə ciddi suallar yaratdı.
Etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, tədbirin təşkili gözlənilən səviyyədə olmayıb. İddialara əsasən, dəvət olunanlar arasında uzun illər peşəkar media fəaliyyətində olan jurnalistlərlə yanaşı, əsasən sosial səhifə adminləri və bloqerlər üstünlük təşkil edib. Bu isə istər-istəməz sual doğurur: Milli Mətbuat Günü həqiqətən jurnalistlərin bayramı idi, yoxsa sosial səhifələrin tədbiri?
Tədbirdən yayılan bəzi görüntülər isə ictimai müzakirələrə səbəb olub. Kadrlarda iştirakçıların əsas diqqətinin tədbirin məzmununa deyil, açıq süfrəyə və şəkil çəkdirməyə yönəldiyi təəssüratı yaranır. Əlbəttə, hər kəsin davranışına ümumi qiymət vermək doğru olmaz. Lakin məhz həmin görüntülər tədbirin ictimai rəy qarşısında necə qəbul olunacağını əvvəlcədən müəyyənləşdirdi.
Ən çox düşündürən məqam isə başqa idi. Əgər həqiqətən də məqsəd Azərbaycan mediasını təmsil edən peşəkar jurnalistləri bir araya gətirmək idisə, onda niyə tədbirdə tanınmış qələm sahiblərinin sayı az, sosial media nümayəndələrinin sayı isə çox idi?
Media İnkişaf Agentliyi illərdir medianın inkişafı istiqamətində dövlət vəsaiti hesabına müxtəlif layihələr həyata keçirir. Cəmiyyət isə haqlı olaraq soruşur: ayrılan milyonlarla manatlıq dəstəyin nəticəsi peşəkar jurnalistikanın güclənməsi olmalıdır, yoxsa sosial şəbəkələrdə görüntü yaratmaq?
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, belə tədbirlərdə bir neçə tanınmış jurnalistin iştirakı fonunda çoxsaylı bloqer və səhifə administratorunun eyni çərçivəyə salınması kənardan baxanlarda yanlış təsəvvür yarada bilər. Sabah həmin fotolar təqdim edilərək "Azərbaycan mediası budur" mesajı verilirsə, bu, peşəkar jurnalistikanın nüfuzuna xidmət etmir.
Bir gün əvvəl "22 İyul – Milli Mətbuat Günü, yoxsa bloqerlərin təntənəsi?" başlıqlı yazımda səsləndirdiyim narahatlıqlar bu gün keçirilən tədbirdən sonra daha da aktuallaşdı. Görünən odur ki, peşəkar medianın problemləri hələ də arxa planda qalır, ön plana isə görüntü və statistika çıxarılır.
Milli Mətbuat Günü sadəcə çay süfrəsi, xatirə şəkilləri və sosial şəbəkə paylaşımları ilə yadda qalmamalıdır. Bu gün, ilk növbədə, illərini jurnalistikaya həsr etmiş insanların zəhmətinə verilən dəyərin nümayişi olmalıdır.
Əks halda, gələcəkdə 22 İyulun jurnalistlərin deyil, sadəcə növbəti protokol tədbirinin tarixi kimi xatırlanması təhlükəsi yaranacaq.

