Azad Media Susdurula Bilməz!
KTM bizi necə lağa qoydu? – Milyonlar ayrılan səhiyyə və PVC borudan hazırlanmış xərək suallar doğurur
cəmi̇yyət

KTM bizi necə lağa qoydu? – Milyonlar ayrılan səhiyyə və PVC borudan hazırlanmış xərək suallar doğurur

Paytaxtın ən böyük dövlət tibb müəssisələrindən biri olan Kliniki Tibbi Mərkəzdə (KTM) xəstələrin daşınması üçün PVC su borularından hazırlanmış konstruksiyanın istifadə edildiyini əks etdirən görüntülər ictimai müzakirələrə səbəb olub.

Məsələnin özü qədər, bununla bağlı verilən rəsmi açıqlama da ciddi suallar doğurur.

KTM-nin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, sözügedən konstruksiya MRT müayinəsi üçün hazırlanıb və guya "dünya praktikasında istifadə olunan aşağı büdcəli və səmərəli həllərdən biridir."
Bu açıqlama ictimaiyyət üçün kifayət qədər əsaslandırılmış hesab oluna bilməz.

Azərbaycanın səhiyyə sisteminə hər il dövlət büdcəsindən yüz milyonlarla, hətta milyardlarla manat vəsait ayrıldığı halda, paytaxtın əsas dövlət xəstəxanalarından birində sertifikatlaşdırılmış tibbi avadanlıq əvəzinə PVC borulardan hazırlanmış konstruksiyanın istifadəsi barədə ciddi izahat tələb olunur.

Əgər həqiqətən də bu, "dünya praktikası"dırsa, ictimaiyyət aşağıdakı suallara cavab gözləyir:
Bu konstruksiya hansı ölkələrdə istifadə olunur?
Hansı istehsalçı tərəfindən hazırlanır?
Hansı beynəlxalq standartlara (ISO, IEC, ASTM və ya digər tibbi təhlükəsizlik standartlarına) uyğundur?
Tibbi cihaz kimi sertifikatı varmı?
MRT otaqları üçün uyğunluğu hansı sənədlərlə təsdiqlənib?

Beynəlxalq tibbi praktikada MRT otaqlarında istifadə olunan xəstədaşıma avadanlıqları adətən MRI-compatible (maqnit rezonans mühitinə uyğun) sertifikatlı məhsullar olur. Belə avadanlıqlar xüsusi materiallardan hazırlanır, təhlükəsizlik sınaqlarından keçirilir və tibbi cihaz kimi qeydiyyata alınır.

Əgər KTM-də istifadə olunan konstruksiya da belə standartlara cavab verirsə, bunun texniki pasportu, sertifikatları və uyğunluq sənədləri ictimaiyyətə təqdim edilməlidir.
Əks halda, sadəcə "dünya praktikası" ifadəsi ilə məsələni əsaslandırmaq kifayət etmir.

Bundan əlavə, aşağıdakı suallar da cavablandırılmalıdır:
Bu konstruksiyanı kim hazırlayıb?
Hazırlanmasına hansı qurum icazə verib?
Neçəyə başa gəlib?
Texniki təhlükəsizlik sınaqları keçirilibmi?
Maksimum yükdaşıma qabiliyyəti necə müəyyən edilib?
İstifadəyə qəbul aktı mövcuddurmu?
Hər hansı nasazlıq nəticəsində xəstə xəsarət alarsa, hüquqi məsuliyyəti kim daşıyacaq?

Azərbaycan Respublikasının "Tibbi cihazlar haqqında" Qanunu tibbi təyinatlı məhsulların təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verməsini nəzərdə tutur. Eyni zamanda, "Əhalinin sağlamlığının qorunması haqqında" Qanun tibb müəssisələrinin pasiyentlərin təhlükəsizliyini təmin etmək öhdəliyini müəyyən edir.
Bu səbəbdən istifadə olunan hər hansı avadanlıq tibbi standartlara uyğun olmalı və bunun sənədlərlə təsdiqi mümkün olmalıdır.

Məsələyə yanaşan bəzi media qurumlarının yalnız rəsmi açıqlamanı yayımlaması da peşəkar jurnalistikanın prinsipləri baxımından suallar doğurur. Media yalnız deyilənləri olduğu kimi təqdim etməklə kifayətlənməməli, səsləndirilən iddiaları araşdırmalı və onların faktiki əsaslarını yoxlamalıdır.

Əgər sözügedən konstruksiya doğrudan da beynəlxalq tibbi standartlara cavab verən avadanlıqdırsa, bunun bütün texniki sənədləri ictimaiyyətə açıqlansın.
Yox, əgər bu, kustar üsulla hazırlanmış konstruksiyadırsa, onun "dünya praktikası" kimi təqdim olunması əvəzinə, bu qərarın necə verildiyi və buna görə məsuliyyət daşıyan şəxslər barədə ictimaiyyətə aydın məlumat verilməlidir.

Xəstəxana eksperiment meydançası deyil. İnsan həyatı və sağlamlığı "ucuz həll" anlayışı ilə qiymətləndirilə bilməz. Dövlət büdcəsindən səhiyyəyə ayrılan böyük vəsait fonunda belə görüntülər və onları müşayiət edən izahlar cəmiyyətdə haqlı olaraq ciddi suallar yaradır.

Qeyd edək ki, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovadır.

IRON MAX AZERBAIAN