Abşeron Rayon Mərkəzi Xəstəxanası direktorunun “ucuz piar” cəhdi fiaskoya uğradı?
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova haqqında son günlərdə mediada və sosial şəbəkələrdə yayılan tənqidi yazılardan sonra onun imicini yaxşılaşdırmaq məqsədilə yeni addım atdığı bildirilir. Lakin ictimaiyyətə təqdim edilən son video və paylaşımlar gözlənilən effekti verməyib.
Tərif dolu yazılar və suallar doğuran video
Bir neçə sayt və “Instagram” səhifəsində direktor haqqında tərif xarakterli materiallar yayımlanıb. Paylaşımlarda onun guya xəstəxanada şəxsən nəzarət apardığı, vətəndaşlarla maraqlandığı vurğulanır.Yayılan videoda isə direktorun bir otağın qapısını döyərək içəridə kimləsə qısa söhbət etməsi əks olunur. Kadrlarda diqqət çəkən əsas məqam isə xəstəxananın dəhlizində növbədə gözləyən yüzlərlə vətəndaşın olmasıdır.
Gözləyən xəstələr, amma tərif edən tapılmadı?
İctimaiyyət arasında belə sual yaranıb: əgər vəziyyət doğrudan da təqdim edildiyi kimidirsə, niyə videoda növbədə dayanan vətəndaşlardan bir nəfər belə danışdırılmayıb?
Bəzi müşahidəçilər hesab edir ki, real vəziyyət fonunda süni şəkildə qurulmuş “nümunəvi rəhbər” görüntüsü yaratmaq cəhdi uğursuz alınıb. Sosial şəbəkələrdə yazılan rəylər də bunu göstərir.
Rəylər direktoru ifşa etdi
Paylaşımın rəy bölməsində istifadəçilər xəstəxanadakı növbələrdən, xidmət səviyyəsindən, təşkilati problemlərdən şikayətlər yazıblar. Bir çox rəy müəllifi videonun reallığı əks etdirmədiyini, yalnız görüntü xatirinə çəkildiyini iddia edib.









