Taksilər bu qədər cərimələnəcək
Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək.
Taksilərlə bağlı bu tələblər bunlar olacaq:
Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin.
Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.
Taksilərin salonunda videokameralar olmalıdır.
Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır.
Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.
İyulun 1-dən etibarən, istehsal ili 15-i keçən maşınlar taksi fəaliyyəti üçün yararsız hesab olunacaq. Bu, o deməkdir ki, yaşı 15-dən yuxarı olan avtomobil sahibləri taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Buna əməl etməyən sürücülər isə cərimələnəcək.
Mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik. Qurumdan bildirilib ki, taksi sürücüləri ilə bağlı cərimələr artıq tətbiq olunur: ""Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi xidməti sektorunda buraxılış vəsiqəsi və buraxılış kartı tətbiq edilir. Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür.
Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.
Taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri olmayan daşıyıcıya, eyni zamanda buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün isə 300 manat məbləğində cərimə sanksiyaları mövcuddur. Buraxılış vəsiqəsi olmadan taksi fəaliyyəti göstərənlərə AYNA, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlara isə həm AYNA, həm də DYP tərəfindən cərimələr tətbiq edilə bilər".